2016-cı ildə Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən istehlakçıların hüquqlarının qorunması təmin edilmişdir

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına görə 2016-cı il ərzində 174709,0 manat dövlət rüsumunun ödənilməsi təmin edilmişdir.
Sahibkarların müraciətləri əsasında zəruri cihaz və avadanlıqlarla təchiz edilmiş stasiyonar və mobil laboratoriyada ölkədə istehsal edilən və xaricdən gətirilərək ticarət şəbəkələrində satışa çıxarılan qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları üzərində mütəmadi əyar nəzarətinin həyata keçirilməsi təmin edilməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 № nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziya və icazələr haqqında” Qanunun 3 nömrəli əlavəsində “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 70-ci bəndinə əsasən qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilmişdir və ümumilikdə 364 hüquqi və fiziki şəxslərə icazə verilmişdir.
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanması barədə və habelə “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanunununa edilmiş dəyişikliklərlə əlaqədar, Xidmət səlahiyyətləri daxilində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı mütəmadi olaraq qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyeklərnə izahat məktubları göndərir.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılmış yoxlamaların dayandırılması haqqında” Qanununa əsasən 2015-ci il 01 noyabr tarixindən Xidmət tərəfindən aparılan yoxlamalar dayandırılmışdır.
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 09 oktyabr tarixli 162 nömrəli qərarı ilə “Qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotu, saxlanılması, daşınması, hesabatının aparılması, habelə onlarla əməliyyatlar aparılması Qaydaları” təsdiq edilmişdir.
Bu Qaydalar qiymətli metalların və qiymətli daşların hasilatı, istehsalı, istifadəsi və dövriyyəsi, qiymətli metalların tullantılarının və qırıntılarının yığılması, tədarükü, ilkin və təkrar emalı, qiymətli daşların rekuperasiyası, həmçinin tərkibində qiymətli metallar və qiymətli daşlar olan məmulatların istifadəsi sahəsində əməliyyatlar həyata keçirən bütün hüquqi şəxslərə, o cümlədən hərbi hissələrə və hərbi birləşmələrə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.
Sözügedən Qaydalara əsasən müəsisə və təşkilatlar, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesabatların mart ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilməli olduğu barədə məktublar göndərilmişdir. Müəyyən edilmiş «Qiymətli metalların çıxarılması və affinajı haqqında»1-qiymətli metal, «Qiymətli metallar və daşların istehsalı, satışı və qalığı haqqında» 2-qiymətli metallar və daşlar, «Cihaz,avadanlıq və sair məmulatların tərkibində, habelə qırıntı və tullantı halında olan qiymətli metalların qalığı, daxil olması və işlənməsi haqqında» 3-qiymətli metallar statistik formaları üzrə hesabatlar Xidmət tərəfindən toplanılmış və ümumiləşdirilərək 2016-cı il 01 iyul tarixində Statistika Komitəsinə təqdim edilmişdir.
“Qiymətli metallar və qiymərli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı verilmiş tapşırıqlar vaxtında yerinə yetirilmişdir.
Beləliklə qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi üçün normativ-hüquqi baza yaradılmış və istehlakçıların hüquqlarının qorunması baxımından müvafiq tədbirlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən təmin edilir.