Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin yoxlamalara məsul olan əməkdaşları üçün seminar keçirilmişdir

 Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən 12 oktyabr 2017-ci il tarixində Xidmətin əməkdaşlarına “Nəzarət orqanlarının yoxlamalara məsul olan əməkdaşları üçün yoxlamaların keçirilməsi ilə bağlı təlim proqramının hazırlanması və icrası üzrə tədbirlər görülməsi” mövzusunda seminar keçirilmişdir.
Xatırladaq ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə (PL/TM) qarşı mübarizənin gücləndirilməsi üçün bu sahədə həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlığını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2016-cı il tarixli 2451 nömrəli Sərəncamı ilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.
Milli Fəaliyyət Planında aidiyyəti dövlət qurumlarına, o cümlədən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ölkəmizdə PL/TM-ə qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və sistemli tədbirlərin davam etdirilməsi, dövlət orqanlarının bu sahədə fəliyyətinin effektiv əlaqələndirilməsini təmin edən koordinasiya mexanizminin yaradılması, onlar arasında əməkdaşlığın və məlumat mübadiləsi sisteminin səmərəliliyinin artırılması, qanunvericiliyin beynəlxalq standartlara tam uyğunlaşdırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, PL/TM-ə qarşı mübarizə aparan dövlət orqanlarının potensialının gücləndirilməsi və s. barədə bir sıra tapşırıqlar verilmişdir.
2017-ci ildə Milli Fəaliyyət Planından irəli gələn məsələlərin Maliyyə Nazirliyində icrasının təmin edilməsi məqsədilə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017-2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2017-ci il üçün illik İş Planı” təsdiq edilmişdir