Əmtəəlik qızılın növbəti partiyası qəbul edilmişdir

Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan - 11655,2 troy unsiya (362,6 kiloqram) miqdarında növbəti partiya qızıl külçələri 27 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilmişdir.
Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan -49158,6 troy unsiya (1529,1 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilmişdir.
Ümumilikdə, bu günkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 60813,8 troy unsiyaya (1891,7 kiloqrama) çatdırılmışdır. Onun bu günə bazar dəyəri 75,8 milyon ABŞ dolları təşkil edir.