Sərvətimiz

Son illər ərzində Azərbaycanın mədən sənayesinin inkişafı nəticəsində ölkənin mineral ehtiyatlarının işlənməsindən əldə edilən strateji valyuta ehtiyatları artmaqdadır. “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Hökuməti ilə “R.V.İnvestment Group Services, LLC USA” arasında imzalanmış Sazişin icrası olaraq 2004-cü ildə işğal ərazilərində yerləşən sonuncu 3 yataqdan (Söyüdlü, Qızılbulaq və Vejnəli) başqa digər yataqlarda kəşfiyyat işləri aparılmış, Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətin Gədəbəy qızıl-mis yataqlarında 2006-cı ilin fevral ayında başlayaraq geoloji-kəşfiyyat işləri aparmış və 2009-cu ilin aprel ayında Gədəbəy yatağının istismar edilməsinə başlanmışdır.
Qoşa qızıl yatağında kəşfiyyat işləri tamamlanmaq üzrədir.
Ordubad qrupu yataqlarında kəşfiyyat işləri aparılmışdır. Piyazbaşı və Ağyurd qızıl yataqlarında kəşfiyyat işlərinin yekunlaşdırılmaması səbəbindən bu ilin əvəlində 1 il əlavə vaxt verilmişdir.
Sazişin 12.2-ci maddəsinə uyğun olaraq Əmtəəlik məhsulu emal etmək məqsədilə saflaşdırma zavodu seçərək müqavilə bağlanmışdır. Bu, İsveçrənin Cenevrə şəhərində yerləşən yüksək nüfuza malik saflaşdırma zavodu kimi tanınan və London Qiymətli Metallar Bazarı Assosiasiyasının üzvü olan MKS Finance S.A. şirkətidir.
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun 4.4 bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə qiymətli metallar tərkibli mineral və təkrar xamallar affinaja göndərilərkən, onların tərkibinə daxil olan qiymətli metalların kəmiyyətinin uçotunun aparılmasına nəzarəti Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti həyata keçirir. Bununla əlaqədar, Azərbaycan Respublikası Hökuməti ilə R.V.İnvestment Group Services, LLC arasında imzalanmış“Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən Gədəbəy yatağından çıxarılan və Qızıl-Mis Emalı Zavodunda emal edilən qızıl külçələrinin çəkilməsi, onlardan və konteynerlərdəki metallardan emal məntəqəsinə nəql edilməsinə qədər nümunə götürülməsi, həmçinin onlardakı qarışıqlıqların müəyyənləşdirilməsində iştirak etmək üçün mütəmadi olaraq Xidmətin nümayəndəsi Gədəbəy şəhərinə ezam olunur.
Qeyd edilən Sazişə əsasən, İsveçrənin MKS Finance S.A. şirkəti tərəfindən saflaşdırılaraq geri göndərilən Azərbaycan Respublikası Hökumətinin payı olan 999,9 əyarlı qızıl külçələrin ilk partiyası – 3199,8 troy unsiya (99,5 kiloqram) miqdarında 8 ədəd qızıl külçə 2010-cu il 24 may tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən təhvil alınaraq etibarlı saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilmişdir.
Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 21413,4 troy unsiyaya (666,0 kiloqrama) çatdırılmışdır. Onun bu günə bazar dəyəri 35,5 milyon ABŞ dolları təşkil edir.
Hal-hazırda, Azərbaycan Respublikası Hökumətinə məxsus olan İşveçrədə MKS Finance S.A. şirkətinin saflaşdırma zavodunda saxlanılan yüksək əyarlı gümüşün və birinci partiya nəm mis konsentratının satılması və onların satışından əldə edilmiş vəsait hesabına ekvivalent miqdarda yüksək əyarlı qızıl alınaraq Respublikaya gətirilməsi ilə bağlı işlər aparılır.
Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Hökuməti ilə “Londeks Resorsiz S.A.” “Uill ənd Meyris S.A.”, “Forqeyt mayninq Korporeyşn”, “Qlobeks İnterneşnl LLp” və “Mitsui Mineral Develorment Enjerninq Ko Ltd” arasında 30 dekabr 2006-cı ildə Saziş imzalanmışdır.
Kürəkçay hövəsi yataqlarında kəşfiyyat işləri yekunlaşdırılıb.
Qaradağ mis-qızıl yatağında kəşfiyyat işləri başa çatdırılmışdır. Köhnəmədən polimetal sahəsi, Göydağ mis yatağında və Daşkəsəmən qızıl yatağında kəşfiyyat işləri aparılması nəzərdə tutulur.
Çovdar qızıl yatağında kəşfiyyat işləri yekunlaşdırılıb. Ehtiyatları qəbul edilmişdir. Hazırda yataq üzrə Texniki İqtisadi Əsaslandırma hazırlanır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti adı çəkilən kontrakt sahələrinin hüdudlarından kənarda əlvan, nadir və nəcib metallara axtarış işləri aparmaqla son dövrlərdə müsbət nəticələr əldə edilmişdir.
Belə ki, Şəmkir rayon ərazisində Çovdar və Qaradağ saziş sahələri arasında Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloqları tərəfindən 2010-cu ildə Platin yatağı aşkar olunmuşdur. Hazırda Nüzgər adlanan sahədə 1:10000 miqyaslı geoloji planalma və Sulumədən adlanan sahədə isə axtarış işləri aparılmaqdadır.
Bundan əlavə Göygöl qalxımında Mollacəlilli sahəsində manqan filizlərinə, Meydanyal və Tülallar sahələrində isə qızıl filizləşməsinin öyrənilməsinə axtarış işləri davam etdirilir.