Platin

Platin (Platinum - Pt) təmiz halda cox nadir halda qeyd edilir və adətən başqa metallarla birlikdə təbii ərintilər əmələ gətirir. Platin bozumtul – ağ rəngli plastik metal olub, ərimə temperaturu 17690S-yə, qaynama temperaturu 38000S-yə bərabərdir. Bu metal təbiətdə qızıldan az təsadüf olunan və qızıldan baha metaldır. Platin qrupuna bu metallar daxildir: platin, iridium, osmium, rodium və rutenium. Bu metallar gümüşü – ağ rəngli olub adətən təbiətdə birgə rast gəlinirlər. Ən çox rast gəlinən platin və palladium, ən nadir rast gəlinən rodium və ruteniumdur.
Platin olduqca dartıla biləndir, cətin ərimə, kimyəvi dayanıqlığı ilə fərqlənir. Dəmirli platin isə həmdə maqnit və elektrik xassələri ilə səciyyələnir. Platindan hazırlanan məmulatlara möhkəmlik üçün cuzi miqdarda iridium və rutenium əlavə olunur.
Platin maqmatik - ana yataqları və səpinti yataqlarına ayrılırlar. Mineralın ana – ilkin yataqları genetik cəhətdən ultraəsasi və əsasi suxurlarla əlaqədardır. Əsasi süxurlarda (norit, qabbro-diabazlar) yerləşən yataqlarda sərbəst platin maqmatik ərintinin likvasiyası ilə əlaqədar olaraq yaranır və onunla assosiyasiyada olan sulfidlərin erkən əmələ gəlmələrindən sonra kristallaşır. Mineralın səpinti törəmə yataqları onun ana yataqlarının dağılması nəticəsində formalaşır. Platinlə zəngin allüvial və ellüvial səpintilər çox vaxt böyük sənaye əhəmiyyətli olur.
Azərbaycanda Kiçik Qafqaz ofiolit qurşağın az miqdarda platinoidlər saxlayan ultraəsasi süxurlarının potensial platindaşıyan olmasına baxmayaraq, burada bu metalın ana yataqları hələ ki, kəşf edilməmişdir. Sərbəst platinin nadir xırda dənəcikləri hiperbazitlərdə və Göydərə yatağının Comərd, Nikolayev, Kazımbinə təzahürlərinin bu süxurlar içərisində yerləşən xromit cisimlərində aşkar edilmişdir. Platin səpinti əmələ gəlmələri Tərtərçay, Kürəkçay və b. cay hövzələrinin allüvial çöküntülərində qeyd edilmişdir. Sərbəst platinə Xəzər dənizinin Lənkəran-Astara sahillərinin titanmaqnetit-avqitli qumlarında da rast gəlinir.